108

Çağrı mərkəzi

Bakıda tikilən çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 40 min nəfərə əmək müqaviləsi imzalatdırılıb

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında qeyri – rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədi ilə 54 səyyar monitorinq keçirilib".

 

Bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, səyyar monitorinqlər 100-dən çox tikinti şirkətini əhatə edib: "Monitorinqlər nəticəsində Bakıda tikilməkdə olan yaşayış binalarında çalışanların 30 faizinin əmək müqaviləsinin olmadığı aşkarlanıb. Qanun pozuntuları ilə əlaqədar 24 material Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 23 material isə Baş Prokurorluğa göndərilib".

 

Dövlət Agentliyinin sədri qeyd edib ki, bu günə kimi Bakıda tikilən yaşayış binalarında çalışan 40 min nəfərə əmək müqaviləsi imzalatdırılıb: "Bağlanan əmək müqavilələrinin hesabına dövlət büdcəsinə 12 milyon manatın ödənilməsi təmin edilib. Qeyd etməliyəm ki, bu məsələ ilə bağlı tərəfimizdən elektron sistem yaradılıb. Sistemin köməkliyi ilə Fövqəladə Hallar, Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin informasiya sistemlərinə inteqrasiya olunub. Bakı şəhərində nə qədər tikilməkdə olan çoxmənzilli yaşayış binası var, o binaların podratçıları, sifarişçiləri hansı şirkətlərdir və o podratçıların nə qədər işçisi var - bütün bunların hamısı bizim sistemdə görünür. Sistem vasitəsilə qeyri – leqal əmək fəaliyyətinə dair şübhəli hala rast gəlindikdə dərhal səyyar monitorinq keçirilir və müvafiq qərar qəbul edilir".

 

Mənbə: APA

03.05.2018